Abstrakt
Məqalədə qalxanabənzər vəzinin (QV) düyünlü törəmələrinin diferensial diaqnostikasının təkmilləşdirilməsi və müalicə taktikasının optimallaşdırılması məqsədi ilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata araşdırılmışdır. 2015–2024-cü illərdə düyünlü ur diaqnozu ilə müalicə alan 573 xəstə tədqiqata daxil edilmişdir. Xəstələr iki qrupa bölünmüşdür: I qrupa daxil edilmiş xəstələrin ultrasəs müayinəsində şübhəli düyünlərdən incə iynə aspirasion biopsiya, II qrupda isə kompression elastoqrafiya ilə sərt sahədən “nişanlanmış” biopsiya aparılmışdır. II qrupda İİAB tətbiqi cərrahi əməliyyatların sayını 2 dəfədən çox azaltmışdır. Bədxassəli düyünlər I qrupda 20,3%, II qrupda isə 26,8% hallarda aşkar edilmişdir (p<0,001). TİRADS, Bethesda təsnifatı və kompression sonoelastoqrafiyanın birgə istifadəsi düyünlərin əməliyyatdan əvvəl dəqiq diaqnostikasını və bədxassəlilik riskinin qiymətləndirilməsinə kömək edir.
Əsas mətn
GİRİŞ Qalxanabənzər vəzinin (QV) düyünlü törəmələrinin (DT) diaqnostikası və müalicəsi uzun illərdir ki, klinik tireoidologiyanın həllini tam tapmayan aktual problemlərindən biri kimi qalmaqdadır. Son illərin tədqiqatlarına görə dünya əhalisinin ⅓-də USM ilə QV-də düyün aşkar edilməsi, həmin düyünün xəstələrin 10%-də bədxassəli struktura malik olması sübut edilmişdir [1,2]. Bu baxımdan düyünün patomorfoloji strukturunun təyini böyük praktik əhəmiyyət kəsb edir.
Son illərdə qalxanabənzər vəzi düyünlü törəmələrinin morfoloji verifikasiyasının təkmilləşdirilməsinin təkamülünün əsas mərhələsini təşkil edən müayinə üsüllarından biri olan TIRADS təsnifat sistemi (Thyroid Imaging Reporting and data System) düyünlərdə bədxassəlik riskinin USM meyarları ilə dəyərləndirilməsi araşdırılmasını əsaslanmışdır [3]. TIRADS sisteminin tətbiqi diaqnostika prosesinin optimallaşdırılması ilə bərabər (İİAB-a göstərişlərin məhdudlaşdırılması hesabına) bu və ya digər səviyyədə onkoloji riski olan xəstələrdə qalxanabənzər vəzi xərçənginin diaqnostikasının təkmilləşdirilməsi və keyfiyyətinin artırılmasına imkan verir [3,4]. Xoş və bədxassəli qalxanabənzər vəzi düyünlərinin diferensial diaqnostikasında İİAB-dan geniş istifadə edilir [5]. Çoxsaylı tədqiqatların nəticələrinə əsasən İİAB-ın həssaslığı, xüsusilə qalxanabənzər vəzinin bədxassəli xəstəliklərinin diaqnostikasında 54-90% (orta hesabla 80%), spesifikliyi 60-99% (orta hesabla 92%) təşkil edir. İİAB-ın yalan müsbət nəticələri 1-77%, yalan mənfi nəticələri 0,5-11,5% arası dəyişir [6, 7]. İİAB-ın nəticələri 65% xoşxassəli, 20% şübhəli, 5% bədxassəli və 10% qeyri-adekvat olaraq bildirilmişdir [6]. Bununla belə, bu yanaşmanın əsas çatışmazlıqları onun invaziv olması, təcrübə tələb etməsi və nümunələrin 10-20%-nin diaqnostik cəhətdən qeyri-adekvat olması səbəbindən təkrar biopsiya tələb etməsidir. Bundan əlavə, İİAB düyünlərinin seçimi yaxşı aparılmazsa, bir çox xəstədə lazımsız müdaxilələrə və yüksək xərclərə səbəb ola bilər [7-9]. Son illərin metaanaliz tədqiqatlarının nəticələrinə görə QV-in DT-nin xərçəng riskinin qiymətləndirilməsində İİAB üsülü ilə müqayisədə kompression sonoelastoqrafiya (KSEQ) üsulunun daha yüksək informativliyə (dəqiqliyə) malik olması sübut edilmişdir. KSEQ başqa sözlə vəzin "elektron palpasiyası" adlandırılır, çünki o, toxumaların konsistensiyasının keyfiyyətli qiymətləndirilməsini təmin edir [10,11]. Müayinənin İİAB-yə göstərişlərin dəqiqləşdirilməsində, o cümlədən lüzumsuz (eksplorator) İİAB-ın tətbiq dairəsinin məhdudlaşdırılmasında böyük rolu vardır. Məhz bu vəziyyət tədqiqat işimizin baza prinsipini təşkil etmişdir.
Tədqiqat işi müxtəlif müayinə üsüllarının (TIRADS, kompression sonoelastoqrafiya və İİAB) diaqnostik imkanlarının və nəticələrinin müqayisəli qiymətləndirilməsi əsasında qalxanabənzər vəzi düyünlərinin diferensial diaqnostikasının təkmilləşdirilməsinə və müalicəsinin nəticələrinin optimallaşdırılması məqsədilə aparılmışdır.
MATERİAL VƏ METODLAR Tədqiqat işinə 2015-2024-cü illər ərzində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və özəl “Real hospital” a (Bakı ş.) düyünlü ur diaqnozu ilə müraciət etmiş 573 daxil edilmişdir. Xəstələr iki qrupa bölünmüşdür: I qrupa 200 xəstə ; II qrupa 373 xəstə daxil edilmişdir. Hər iki qrupa aid xəstələrin müayinəsi standart protokola uyğun olaraq USM B-mod rejimdə 10-12 MHZ linear ötürücü vasitəsilə “Toshibo Aplio” (Yaponiya) və Sonoscape S9 pro” cihazları (Çin XR) ilə aparılmış, hər iki qrupda aşkar olunmuş düyünlər TİRADS təsnifatı ilə qiymətləndirilmişdir [9]. I qrupda (TİRADS + İİAB), “şübhəli” görüntülü düyünlərdən İİAB materialları götürülmüş, II qrupda (TİRADS + KSEQ +İİAB) isə həmçinin, düyünlərdə kompression sonoelastoqrafiya (KSEQ) aparılmış və düyünün sərt hissəsi (tünd göy rəng) müəyyən edildikdən sonra “nişanlanmış” nahiyədən biopsiya alınmışdır (Şəkil 1). Alınmış nəticələrə uyğun müalicə üsulları (dinamiki nəzarət,azinvaziv və açıq cərrahi müalicə üsulları) seçilmişdir. Düyünün elastikliyi Elastiklik Əmsalı ilə qiymətləndirilmişdir. Elastiklik Əmsalı (EƏ) 1 və 2 - yumşaq düyün (xoşxassəli); EƏ 3 - yarımsərt (əsasən xoşxassəli); EƏ 4 və 5 - sərt (sərtləşmiş) düyün (bədxassəli). İİAB xəstənin arxası üstə uzanmış vəziyyətində və başı cüzi ekstansiyada ikən USM müşayiəti ilə icra edilmişdir. İynənin ucu düyünün içərisində tam olaraq göründükdən sonra onun möhtəviyyatı 3-5 dəfə aspirasiya edilmişdir. İİAB-dən sonra yaxma preparatları Diff Quik üsulu ilə havada qurudulduqdan sonra sitoloji müayinəyə göndərilmiş və Bethesda təsnifatı (2009) ilə qiymətləndirilmişdir. Cərrahi əməliyyatdan sonra histopatoloji nəticələr xoş- və bədxassəli olaraq 2 kateqoriyada qiymətləndirilmişdir.
TƏDİQİQATIN NƏTİCƏLƏRİ Tədqiqat qrupunda qadınlar (503; 87,8%) kişilərdən (70; 12,2%) dəfələrlə üstünlük təşkil etmişdir. I qrupda izo- və ya hipoexogen solid komponentli 185 düyündən incə iynə aspirasion biopsiyası (İİAB) alınmış və sitoloji müayinənin nəticələri Bethesda təsnifatına görə təhlil edilmişdir.
I qrupda həm TIRADS, həm də Bethesda təsnifatları ilə müayinə olunmuş xəstələrin sayı arasında statistik fərq müəyyən edilmişdir (χ2=206,21;p=0,000). Bu xəstələrdə aparılmış patohistoloji müayinələrin və İİAB-ın nəticələri 1-ci cədvəldə təqdim edilmişdir. Operativ müalicə edilən 16-da (20,3%) patohistoloji nəticə bədxassəli olmuşdur. Xoş- və bədxassəli patohistoloji nəticələrdə Bethesda təsnifatı üzrə II olan xəstələrin sayı, Bethesa təsnifatı IV-VI olan xəstələrin sayı arasında statistik dürüst fərq qeydə alınmışdır (χ2= 20,533, p≤0,001). Hər iki qrupda İİAB-nın düyünlərin proqnozlaşdırmasında əhəmiyyəti ROC əyrisi ilə (Receiver Operating Characteristics/qəbuledicinin xarakterik əməliyyat əyrisi) analiz edilmişdir. (Şəkil 2.) ROC analizi aparılarkən AUC (əyri altındakı sahə) S=0,828±0,061; 95% Eİ (0,709–0,948), p=0,000 hesablanmışdır I qrupdakı tədqiqatımızın nəticələrinə görə tiroid xərçənginin diaqnostikasında Bethesda III-dən böyük olan hallarda İİAB-nin həssaslığı 81,3±9,8%, spesifikliyi 75,5±5,9% olmuşdur (Şəkil 2). II qrupda biopsiya materialı götürülmüş 373 xəstənin məlumatlarının TİRADS və Bethesda təsnifatları ilə müqayisəli təhlili aparılmışdır.
Bethesda- Qalxanabənzər vəzi düyünlərindən alınan İİAB-nin nəticəsini əks etdirən təsnifat II qrupda (n=373) kompression sonoelastoqrafiya (KSEQ) altında düyünün sərt hissəsi (tünd mavi rəng) müəyyən edilərək İİAB olunmuş düyünlərin sitoloji müayinəsinin və elastoqrafiyasının nəticələrinin müqayisəli təhlili aparılmışdır. KSEQ nəzarəti altında düyünlərin sərt hissəsindən aparılmış İİAB-nın sitoloji nəticələri ilə Bethesda təsnifatına uyğun xəstələrin sayı arasında statistik fərq müəyyən edilmişdir (χ2=166,61, p≤0,001). II qrupun operativ müalicə edilmiş 168 xəstəsində düyünlü törəmənin patohistoloji müayinəsinin nəticələri ilə Bethesda təsnifatının nəticələrinin birgə təhlili aparılmışdır. 123 pasientin düyünlərində (73,2%) xoş-, 45-də (26,8%) isə bədxassəli patohistoloji nəticələr alınmışdır (Şəkil 1.) II qrupda patohistoloji nəticələr üzrə Bethesda təsnifatının göstəriciləri arasındakı korrelyasiya statistik əhəmiyyətli olması ilə fərqlənmişdir (χ2= 78,86, p<0,001). II qrupda kompression sonoelastoqrafiya ilə hədəflənmiş sahələrin İİAB-nin ROC analizi zamanı AUC S=0,865±0,034; 95% Eİ (0,799–0,932), p<0,001 hesablanmışdır. QV xərçənginin diaqnostikasında Bethesda III-dən böyük hallarda İİAB- nın həssaslığı 91,1±4,2%, spesifikliyi 49,6±4,5% olmuşdur (Şəkil 2.)
MÜZAKİRƏ İİAB tiroidektomiya tələb edən düyünlərin aşkar edilməsinə və xoşxassəli düyünlər üçün tiroidektomiya hallarının azaldılmasına kömək edir. İİAB QV düyünlərinin diaqnostikasında yüksək effektivliyə malikdir, həssaslığı 77% və spesifikliyi 95%, ümumi dəqiqliyi 92% təşkil edir [5]. R. M. Osama və həmm. tərəfindən aparılan tədqiqatda tək və dominant qalxanabənzər vəzin düyünləri olan xəstələrdə TIRADS və Bethesda təsnifat sistemləri arasında diaqnostik korrelyasiya zəif olduğu göstərilmişdir. ROC əyrisinin təhlilində isə TIRADS ≥3 cutt of dəyərində bədxassəli və xoşxassəli düyünləri fərqləndirmə imkanına malikdir. Lakin TİRADS sistemindən fərqli olaraq İİAB nəticəsi yalnız Bethesda II də statistik əhəmiyyətli fərqlənmişdir. Bununla belə, Bethesda-nın ümumi dəqiqliyi TIRADS təsnifatından bir qədər yüksək olmuşdur [6]. Tədqiqatımızın nəticələrinə görə tiroid xərçənginin diaqnostikasında Bethesda III-dən böyük olan hallarda İİAB-nin həssaslığı, bədxassəli düyünləri seçmə qabiliyyəti I qrupda 81,3%; II qrupda isə 91,1% olmuşdur. Bədxassəliliyin təyinində İİAB-ın qızıl standart olmasına baxmayaraq, düyünlərin düzgün seçilməsi də əhəmiyyətlidir. Ədəbiyyat məlumatlarına görə ultrasəslə idarə olunan İİAB müayinəsi yanlış mənfi nəticələrin tezliyi 3%-dən azdır [6,7]. Apardığımız tədqiqatda II qrupda TİRADS dəyərləndirməsi ilə yanaşı, elastoqrafiyanın icrası ilə düyünlərin sərtliyi araşdırılmış və biopsiya məhz sərt sahələrdən götürülmüşdür. Bu zaman İİAB-də həssaslıq 91,1%, müqayisə qrupumuzda isə 81,3% təşkil etmişdir. Qalxanabənzər vəzi düyünlərin 1343 sitoloji nəticəsinin təhlilindən aydın olmuşdur ki, ultrasəs müayinəsinin nəticələri şübhəli olduqda bədxassəli törəmə dərəcəsi 29%-ə çata bilər, ultrasəs nəticələri normal olduqda isə bu göstərici cəmi 0,6%-ə çata bilər [7]. Brito və həmm. tədqiqatlarında İİAB-nin həssaslığını 83%, yalan mənfi nəticələrinin 5% olduğunu göstərmişdilər [8]. Qalxanabənzər vəzi düyünlərinin əksəriyyəti ləng gedişli olsa da, erkən diaqnostikanın əhəmiyyəti böyükdür [8,9]. Qeyri-adekvat prosedurlardan sonra prosedur təkrarlana bilər. İİAB-ın ən böyük çatışmazlığı həm aspirasiya, həm də sitopatoloji qiymətləndirmə zamanı təcrübəli mütəxəssislərin iştirakının vacibliyidir. E. Alçı (2023) tədqiqatlarında İİAB-ın düyünlərin 40,8%-də histopatoloji nəticə ilə uyğun gəldiyini, 59,2%-də isə uyğun gəlmədiyini göstərmişlər . İİAB-a həssaslıq və spesifikliyin bu geniş diapazonu müəlliflərin yalan müsbət və yalan mənfi nəticələrinin necə müəyyənləşdirməsindən və onların “aralıq” sitologiyaları necə təsnif etməsindən asılı olduğunu bildirmişlər. Həmçinin, E. Alçı və həmm. (2023) araşdırmasında “aralıq” düyünlər də nəzərə alındıqda İİAB-nin ümumi həssaslığı 88,2%, spesifiklik 35,0%, pozitiv predikriv dəyər -31,6%, neqativ prediktiv dəyər-89,7% rast gəlindiyini göstərmişdir [5]. Bir çox tədqiqatlarda İİAB-ın effektivliyini azaldan səbəblərə götürülən materialın yetərsiz olması, düyünün homogen olmaması, patositoloqun təcrübəsizliyi və follikulyar zədələnmələrin diferensiasiyasındakı çətinliklər aid edilmişdir. [10, 11]. Bizim tədqiqatımızın II qrupunda TİRADS təsnifatı ilə dəyərləndirilmiş QV-nin düyünlü törəmələrində elastoqrafiyanın birgə tətbiqi ilə tünd rəngli hədəf nöqtələri seçilərək aparılmış İİAB bədxassəlilik baxımından daha dəqiq və etibarlı nəticə əldə etməyə zəmin yaratmış və QV xərçənginin diaqnostikasında Bethesda III-dən böyük hallarda İİAB-ın həssaslığı 91,1%, spesifikliyi 49,6% olmuşdur. Elastoqrafiya toxuma sərtliyini ölçən qeyri-invaziv üsul olub, xoş və bədxassəli düyünləri ayırmaqda yüksək həssaslıq (86%) və spesifiklik (97%) göstərmişdir [12].
Polat və həmm. apardığı tədqiqatda 370 düyünü elastoqrafiya və TİRADS təsnifatı ilə birgə dəyərləndirmiş həmin düyünlərdə İİAB-ın həssaslığı 90,4%, spesifikliyi 89.9%, pozitiv prediktiv dəyər 81.3%, neqativ prediktiv dəyər 94,1%. Müəlliflər TIRADS-ın elastoqrafiya ilə birgə tətbiqinin diaqnostik həssaslığı və dəqiqliyi artırdığını qeyd etmişdilər [13]. Tədqiqatımızın əvvəlində (2015-2018-ci illərdə) əldə etdiyimiz nəticələrə görə I qrupda Bethesda təsnifatına görə III-dən böyük olan hadisələrdə İİAB-ın həssaslığı 81,3%, spesifikliyi 75,5%, II qrupda isə eyni göstəricilər müvafiq olaraq 91,1% və 49,6% təşkil etmişdir. Seçilmiş müayinə üsullarının tətbiqi hesabına düyünlərin diaqnostikası tamamlandıqdan sonra I qrupda İİAB tətbiq edilmişlərdən 69 (34,5%) xəstə cərrahi əməliyyata məruz qalmışdır. II qrupun İİAB olunmuş 373 xəstənin 168-də (45,1%) cərrahi əməliyyat yerinə yetirilmişdir. II qrupda İİAB-nın nəticələrinin müqayisəli təhlili prosesində düyünlərin sərt hissəsinin punksiya zonası (tünd mavi çalarlar) kimi seçilməsində kompression sonoelastoqrafiya faydalı “indikator” rolunu oynamış və düyünün hansı hissəsindən daha çox punktat (bioptat) götürülməsini təyin etməyə imkan vermişdir. Bu isə II qrupun seçilmiş xəstələrində İİAB cərrahi əməliyyat sayının 2 dəfədən çox azalmasına səbəb olmuşdur. Cərrahi əməliyyatlar İİAB və Bethesda təsnifatının nəticələrinə əsasən aparılır və onların sayının azaldılması təsnifatın (xüsusən Bethsda III-IV ) təkmilləşməsini tələb edir. Cərrahi əməliyyat materiallarının patohistoloji müayinələrinin nəticələrinə görə I qrupda 20,3%, II qrupda isə 26,8% hallarda düyünlər bədxassəli olmuşdur (p<0,001). Lakin qalxanabənzər vəzinin follikulyar xərçəngində toxuma sərtliyi yumşaq olduğuna görə həmin düyünlərin İİAB-a göstərişlərin təyini üçün kompression sonoelastoqrafiya indikator kimi tədqiqatımızda istifadə edilməmişdir. Beləliklə, TİRADS və KSEQ – iki müxtəlif, ancaq bir birini tamamlayan diaqnostika üsullarıdır. KSEQ klassik USM əvəz etmir, lakin onun dəqiqliyi artıraraq İİAB sayını azaldır. TİRADS, KSEQ və Bethesda-nın birgə istifadəsi QV düyünlərinin diaqnozunun əməliyyatdan əvvəl qoyulması və bədxassəli şiş riskinin müəyyən edilməsi və dəqiq nəticələrin təmin edilməsi üçün səmərəli şəkildə istifadə edilə bilər. Kopression sonoelastoqrafiyanın QV-nin düyünlü törəmələrində aşkar edilmiş rəng spektri, düyünlərin sərtlik səviyyəsini səciyyələndirərək morfoloji cəhətdən “bədxassəlilik indikatoru” kimi qiymətləndirilmişdir. Xüsusilə TIRADS təsnifatı, KSEQ və İİAB-nın müştərək tətbiqi cərrahi əməliyyatların tezliyinin azalmasına səbəb olmuşdur.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Uludag, M., Unlu, M. T., Kostek, M., Aygun, N., Caliskan, O., Ozel, A., & Isgor, A. (2023). Management of Thyroid Nodules. Sisli Etfal Hastanesi tip bulteni, 57(3), 287–304. https://doi.org/10.14744/SEMB.2023.06992
2. Alshahrani, A. S., et al. (2025). Prevalence and predictors of thyroid nodules among adults: A cross-sectional study. BMC Endocrine Disorders, 25(1), 42-55. doi.org
3. Hummatov A., Mammadova E., & Mahmudov M. (2025). Diagnosis and treatment of follicular neoplasia of the thyroid gland ın endemic and non-endemic regions of Azerbaijan Republic // Azerbaijan Medical Journal, (4), 85–90. https://doi.org/10.34921/amj.2025.4.014
4. Mammadhasanov R., & Mammadova A. (2025). The relationship between graves’ disease, obesity, and serum leptin level // Azerbaijan Medical Journal, (2), 34–38. https://doi.org/10.34921/amj.2025.2.006
5. Alçı E., Şahin G. A. Tiroid Nodüllerinin Yönetiminde İnce İğne Aspirasyon Biyopsisine Ne Zaman ve Ne Kadar Güvenmeliyiz? // Van Sağlık Bilimleri Dergisi, – 2023, 16 (2), – s. 168-175.
6. Osama R. M., Abdelhay A. A., Ahmed S. A. et al. Comparison between sonographic features using thyroid imaging reporting and data systems criteria and fine needle aspiration cytology in the diagnosis of solitary and dominant thyroid nodule // The Egyptian Journal of Surgery, – 2025, Vol. 44, No. 1: 349-358,
7. Hwang, E. J., et al. (2022). Deep Learning-based Automated Thyroid Nodule Detection and Classification: Comparison with Kwak TI-RADS. European Radiology, 32(1), 125-134.
8. Brito, J. P., et al. (2023). Active Surveillance for Low-Risk Papillary Thyroid Cancer: A Systematic Review. JAMA Oncology, 9(12), 1667–1675. DOI: 10.1001/jamaoncol.2023.4146
9. Russ, G., et al. (2023). European Thyroid Association Guidelines for Ultrasound-based Risk Stratification of Thyroid Nodules (EU-TIRADS). European Thyroid Journal, 12(4), e230001. DOI: 10.1530/ETJ-23-0001
10. Ali S. Z., & Cibas, E. S. (2023). The Bethesda System for Reporting Thyroid Cytopathology: Third Edition. Thyroid, 33(9), 1039-1044. DOI: 10.1089/thy.2023.0209
11. Haugen, B. R. (2023). Molecular Testing for Cytologically Indeterminate Thyroid Nodules. Endocrinology and Metabolism Clinics of North America, 52(3), 543-556.
DOI: 10.1016/j.ecl.2023.02.005
12. Hu, X., et al. (2022). Diagnostic Performance of Shear Wave Elastography for Thyroid Nodules: A Meta-analysis. Frontiers in Oncology, 12, 856545.DOI: 10.3389/fonc.2022.85654511.
13. Polat Z., Elmalı M., Tanrivermis S. A. et al. Comparative evaluation of shear wave elastography elasticity values in thyroid nodules with cytology results and TI-RADS scoring in differentiation of benign-malignant nodules. Eur. Arch. Otorhinolaryngol 2024 May;281(5):2609-2617.doi: 10.1007/s00405-024-08516-0. Epub 2024 Mar 10. Erratum in: Eur Arch Otorhinolaryngol. 2024 May;281(5):2775. doi: 10.1007/s00405-024-08637-6. PMID: 38461420; PMCID: PMC11023991.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 14.May.2026
Müəllif hüququ
© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 43


